Bakı və Kiyev arasında faktiki hazırda onların nəzarətində olmayan ərazilərində istehsal edilən mal və məhsulların bu ölkələrə buraxılmaması ilə bağlı razılıq əldə olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “İnterfaks”a Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bildirib. Səfirin sözlərinə görə, bu barədə anlaşma Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakıya səfəri zamanı iki ölkə başçıları arasında əldə olunub. Bundan sonra gömrük orqanlarının rəhbərləri bir araya gələrək birgə mexanizm hazırlayıblar ki, onun sayəsində Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ, Ukraynanın isə separatçı qüvvələrin nəzarətində olan Donbass vilayətindən mal və məhsulların daşınması yalnız rəsmi Bakı və Kiyevin lisenziyası əsasında baş tuta bilər. “Yəni Dağlıq Qarabağda istehsal olunan hər hansı məhsul rəsmi Bakının lisenziyası olmadan Ukrayna ərazisinə keçirilə bilməz”- deyə səfir məsələyə aydınlıq gətirib. Mişşenko eyni halın Ukraynaya münasibətdə də ciddi nəzarətlə üzləşəcəyini deyib.