İran prezidenti Həsən Ruhaninin ötən ilin sonlarında Ermənistana etdiyi səfərin erməni mətbuatında geniş işıqlandırılmamasının səbəbi bəlli olub.
Həsən Ruhani ermənilərin çox şey umduğu görüş öncəsi onlara əsl şok yaşadıb. “Armenianreport”un xəbərinə görə, səfər hazırlıqları ərəfəsində İran prezidentinin administrasiyası erməni tərəfinə müraciət edərək, səfər zamanı qondarma “soyqırım” abidəsi ziyarətinin protokoldan çıxarılmasını istəyib. Beləliklə də, İran prezidenti sözügedən abidəni ziyarət etməyib və təbii ki, onun qarşısında baş əymək zorunda da qalmayıb. Sayt yazır ki, ölkə ictimaiyyəti İran prezidentinin bu hərəkətini “ermənilərin milli ləyaqət hissinə vurulan şillə” kimi qəbul edib. Məsələ burasındadır ki, aprel müharibəsindən sonra Qarabağ məsələsinin özünə sərf edən şəkildə həll olunacağı məsələsində Rusiyadan əlini üzən Ermənistan son dövrlər üzünü İrana çevirməklə onu özünə arxa olaraq görürdü. Üstəlik Türkiyə ilə Rusiya arasında buzların tamamilə əriməsi düşmən ölkəni kənarda özünə dayaq axtarmağa sövq edirdi. Bu mənada İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri bu ölkədə böyük həyəcanla gözlənirdi. Üstəlik sözügedən səfərdən cəmi bir neçə gün öncə İsrail Baş nazirinin Azərbaycana səfəri və bu ölkənin rəsmi Bakı ilə silah alış-verişinə dair sənəd imzalaması bu həyəcanı bir qədər də artırırdı. Bütün bunlardan sonra Ruhaninin bu ölkədə ehtiyatlı mövqe sərgiləməsi isə bu həyəcanı məyusluqla əvəz edib.
Sayt ona da diqqət çəkir ki, İran prezidenti Qarabağ münaqişəsindən danışarkən ümumi sözlərdən istifadə edib, Dağlıq Qarabağı “respublika” adlandırmayıb. Bu isə Ermənistanda qıcıq yaradıb. Bildirilir ki, Həsən Ruhanı bununla “Azərbaycanın xətrinə dəymək istəməyib”. Bütün baş verənlərə görə prezident Sarkisyanı qınayan sayt sonda onu “üzünə tüpürülərkən “yağış yağır” deməkdən vaz keçməyə” çağırır.
Prezidentinə media qurumlarının həqarət etdiyi bir ölkənin hansı vəziyyətdə olduğunu isə əlavə şərhə ehtiyac yoxdur.
Samirə