Amerikanın Vermont ştatının elektrik şəbəkəsində ziyanverici kod aşkarlanıb.
Baki-xeber.com-un xəbərinə görə, ABŞ tərəfində bu koddan Grizzly Steppe haker qrupunun istifadə etdiyinə dair şübhələr var. “The Washington Post” isə yazır ki, bu haker qrupunun Rusiya hakimiyyətilə əlaqədə olduğu bildirilir. Nəşrə bu barədə xəbər verən mənbə haker qrupunun hansı səbəbdən ştatın elektrik paylayıcısına hücum etdiyini bilmədiyini deyib. Lakin versiyalardan biri kimi bu, hakerlərin şəbəkəyə daxil olma testi olaraq nəzərdən keçirilir. Eyni zamanda bir sual da açıq qalır ki, onlar digər sistemlərə də daxil ola bilibmi və bunda məqsədləri nədir.
Xatırladaq ki, dekabrın 29-da ABŞ-ın maliyyə departamenti Rusiyanın 6 fiziki və 5 hüquqi şəxsi barəsində sanksiya tətbiq edib. Bundan əlavə, Dövlət Departamenti 35 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib və onlara bundan ötrü 72 saat vaxt verilib. Vaşinqton bütün bunları Moskvanın ABŞ-da prezident seçkilərinə kibermüdaxilə etməsi və seçkinin nəticələrinə təsir etməsilə əsaslandırır.