Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır. Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.
"Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur". Bu barədə isə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
"Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb". - deyə MN-dən bildiriblər.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından isə bildirilib ki, Azərbaycan tərəfi itkin düşmüş Azərbaycan hərbçisi ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 hərbçi itirdiklərini açıqlayıb.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 29 dekabr 2016-cı il tarixində səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir”. Baki-xeber.com xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirlir ki, Ermənistan və Azərbaycan Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış müzakirələrə uyğun olaraq, münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır.
Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir, atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir.
“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibinin məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik. KTMT-nin Baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir. KTMT-nin Baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterberq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir” – deyə bəyanatda bildirilir.
XİN bəyan edib ki, Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək.
"Bugünkü provokasiya rəsmi İrəvanın əvvəlcədən hazırladığı plandır". Bunu isə Trend-ə açıqlamasında hərbi ekspert, müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov deyib.
Ç.Məmmədov qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan nümayəndə heyətinin təşkilatın üzvlərinin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və qurumun baş katibi vəzifəsinə erməni təmsilçisinin seçilməsi cəhdlərinin boşa çıxmasından sonra KTMT üzv ölkələrinin diqqətini konfliktə cəlb etmək məqsədilə rəsmi İrəvan bugünkü provokasiyanı törədib: "Dövlət sərhədində baş vermiş insidentdən qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın hadisənin Azərbaycanın təxribatı kimi qiymətləndirməsi təəssüf hissi doğurur. Belə ki, təxribatın və tələsik müsahibənin verilməsi vaxtlarının təqribən üst-üstə düşməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir".
Hərbi ekspert əlavə edib ki, Ermənistan tərəfi planlı şəkildə və vaxtaşırı Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə təxribatların törədilməsi barədə dezinformasiya xarakterli məlumatları yaymaqla münaqişənin miqyasını süni şəkildə genişləndirmək və təmsil olunduğu hərbi-siyasi təşkilatın digər üzvlərini də bu münaqişəyə cəlb etmək məqsədini güdür.