"Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir. Ona görə də bizdən asılı olan nə varsa, yerinə yetiriləcək ki, prosesin normallaşması dayanmasın, əksinə intensivləşsin". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tədbirlərin qrafikinə, bu barədə müvafiq məlumat olan kimi bildirəcəyik", - deyə Rusiya XİN sözçüsü "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2017-ci ildə Rusiyanın gözləntiləri nədir" sualına cavabında qeyd edib.
"Rusiya tərəfinin səyi ilə Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəislərinin Moskvada keçirilən görüşündə 2016-cı ilin aprel ayının əvvəlində Dağlıq Qarabağda baş vermiş genişmiqyaslı hərbi fəaliyyətin qarşısını almaq mümkün olub". Bu barədə isə Rusiya XİN-in saytında yerləşdirilən "2016-cı ilin əsas xarici siyasi yekunları" adlı materialda bildirilib.
“ATƏT-in Minsk qrupu xarici işlər nazirlərinin iştirakı ilə may ayında Vyanada Ermənistan-Azərbaycan sammitində, eləcə də Sankt-Peterburqda keçirilən üçtərəfli görüşdə toqquşmaların qarşısının alınması və danışıqların davam etdirilməsi üçün şəraitin yaradılmasına səylər göstərilib", - deyə sənəddə vurğulanıb.