Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin dekabrın 12-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.
Baki-xeber.com-un Rusiya KİV-nə istinadən xəbərinə görə, siyahıya 1 nəfərin adı əlavə olunub. Bu, Rüstəm Maqomedoviç Aselderov dur. Rüstəm Aselderov Rusiyada xüsusi əməliyyat nəticəsində öldürülüb. Məlumata əsasən, R. Aselderov İŞİD-in terror qruplaşmasının Qafqaz üzrə rəhbəri olub. Antiterror əməliyyatı zamanı onunla birgə daha 4 yaraqlı da məhv edilib.
MBNP-dən verilən xəbərdə bildirilir ki, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.
Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir. Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.