Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitə olan "Boyarışnık" (yemişan) maddəsindən zəhərlənərək ölənlərin sayı 60-a çatıb.
Baki-xeber.com-un "İnterfax"a istinadən xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya məlumat verib. Xəbərə görə, hazırda xəstəxanalarda 40 nəfər həkim nəzarəti altındadır, beş nəfər artıq evə buraxılıb.
Kütləvi zəhərlənmə ilə bağlı 11 nəfər həbs olunub, 100-dək şəxs şahid qismində dindirilib.
Xatırladaq ki, dekabrın 17-də İrkutska saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Yerli səhiyyə xidməti bildirib ki, zəhərlənməyə vanna üçün nəzərdə tutulmuş maddənin tərkibindəki metanol səbəb olub. Halbuki maddənin etiketində tərkibində etil spirti olduğu qeyd edilib.
Faktla bağlı cinayət işi başlanıb, regionda fövqəladə vəziyyət və dekabrın 21-i bir günlük matəm elan olunub.