Azərbaycan Mətbuat Şurası 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.
Bu barədə “Trend”-ə Şuradan məlumat verilib. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkəcək. Onlar, həmçinin, jurnalistlər üçün yaradılmış şəraitlə tanış olacaq, ümumən səsvermənin gedişini müşahidə edəcək.
Bundan başqa, referendum günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq. 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 nömrəli mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilər.
Mətbuat Şurası referendum günü jurnalistlərin prosesi sərbəst şəkildə işıqlandırmaları üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olacaq. Medianın peşə vəzifəsinin icrası ilə bağlı hər hansı çətinliyi yaranacağı təqdirdə onun dərhal aradan qaldırılması təmin ediləcək.