Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Saatlı rayonunda seçicilərlə növbəti görüşü keçirilib.
"Həmrəy olaq, hə deyək!" devizi ilə keçirilən tədbiri açıq elan edən YAP-ın Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyeva 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında məlumat verərək ümumxalq səsverməsinə çıxarılacaq Konstitusiyamıza əlavə və dəyişikliklər haqqında çıxış edib. Sonra "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək Konstitusiyada bir sıra əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verərək bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr vərəcəyini bildirib. Akademik Ə.Əmiraslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, demokratik dövlət quruculuğu prosesindəki geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən söz açıb. O, regionların inkişafı və gündən-günə çiçəklənməsindən danışaraq son illər ölkə başçısı cənab İlham Əliyevin səyi nəticəsində qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı üçün görülən işlərdən bəhs edib. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutunun qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal idarəetmə üsulu olduğunu qeyd edən Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu qeyd edib. Sonda görüşdə iştirak edən ziyalılar, veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri çıxış edərək Konstitusiyada nəzərdə tutulan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildirib.
Xəbər xidməti