Ramin Məmmədov: "Bu, texnologiya, yaxşı kadrların olmasını tələb edən prosesdir"
27-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə kompleksinin güc və qüdrətinin möhtəşəm nümayişi - 2-ci Azərbaycan Beynəlxalq Müdafiə "ADEX 2016" sərgisi keçiriləcək.
Azərbaycan və xarici ölkələrin dövlət orqanları, işgüzar dairələri və sənaye strukturları iki il öncə keçirilən birinci müdafiə sənayesi sərgisinə böyük maraq göstərib və bu sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ziyarət edib. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə sərgiyə dəstək göstərir. "ADEX" sərgisinin təşkilati tərəfdaşı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.
"ADEX 2016" sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. Bu il "ADEX" sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çexiya və Estoniya kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edir. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən sərgi ərazi baxımından 10 %-lik artım nümayiş etdirir. Sərgidə öz aparıcı şirkətlərini təqdim edən 10 ölkə - Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Fransa və Çexiya milli pavilyonları ilə çıxış edir.
Azərbaycanın bu cür sərgidə iştirak etməsini necə qiymətləndirmək olar?
Ekspert Ramin Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən sərgidə iştirak edən ölkələr silah istehsalçılarıdır: "Bilirsiniz ki, bu standarta cavab vermək üçün güclü inkişaf yolu keçmək lazımdır. Çünki bu, texnologiya, yaxşı kadrların olmasını tələb edən prosesdir. Azərbaycanı belə sərgidə görmək çox xoşdur. Çünki biz həm də müharibə şəraitində yaşayan ölkəyik. Belə sərgilərə çıxmaq üçün məhsulun olmalıdır. Demək, ölkəmizin nümayiş etdirəcək nəyisə var ki, çıxır ora. Bu il müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ANAMA sərgidə fəal iştirak edir. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılırsa, demək, biz bu sahədə də dünyanın aparıcı ölkələri ilə rəqabət aparmaq əzmimizi ortaya qoyuruq".
Məhəmmədəli QƏRİBLİ