Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.
Maraqlı fakt odur ki, Rahib Salmanov həmin gün günortaya qədər işdə olub, bir sıra məhkəmə işlərinə baxıb. Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Daha sonra isə məlum hadisə baş verib. Rahib Salmanovun hansı səbəbdən intihar etməsi araşdırılır.
Bakupost.az mərhum hakimin yaxın ətrafından intiharın əsl səbəbləri barədə xəbər dərc edib. Məlum olub ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R. Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. R. Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş.
Rahib Salmanovun tələbə yoldaşı, 35 illik dostu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri Arzuxan Əlizadə Globalinfo.az-a açıqlamasında bir sıra məqamlara aydınlıq gətirib. O, dostu ilə hadisədən 20 dəqiqə əvvəl danışdığını bildirib:
“Dedi ki, 4-5 gün xəstəxana şəraitində müalicə almalıdır, amma qorxulu heç nə yoxdur. Bu, intihar edən adamın danışığı deyildi. Hansısa ağır xəstəliyi də yox idi. Ürəyində bir balaca narahatlıq var idi, lakin müalicə ilə sağalacaqdı. Ola bilərdi ki, nə vaxtsa stent qoyulsun. Düşməni də yox idi. Ehtimal edirəm ki, halı pisləşib, eyvandan yıxılıb. İstənilən halda, istintaq araşdırması gedir, görək nəticəsi necə olacaq”.
Qeyd edək ki, R. Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.Qeyd edək ki, 60 yaşlı Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.
Mətləb Salahov