Azərbaycan və Türkiyə mediası hər iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflərə doğru birgə hərəkət etməlidir. Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfransda bildirib.
PA-nın şöbə müdiri qeyd edib ki, jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hər iki xalqın maraqlarını nəzərə almalıdırlar.
Ə.Həsənov bildirib ki, Azərbaycan və Türkiyə münasibətlərinin təməli ulu öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev tərəfindən sağlam qoyulub: "Mustafa Kamal Atatürk hər iki dövlətin sevincini, kədərini eyniləşdirərək, hər iki millətin taleyi ilə bağlı onların çiyinlərinə bərabər yük düşdüyünü bildirib. Heydər Əliyev isə iki ölkə arasındakı münasibətlərin yeni bir formul - "Bir millət, iki dövlət" formulu əsasında əbədiyyətə qədər sürəcəyini, bu xalqlar yaşadıqca, bu münasibətlərin də davam edəcəyini bəyan edib".
PA rəsmisi qeyd edib: "Əgər dövlətlərimiz bir yerdədirsə, ölkə başçılarımız - Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bütün məsələlərdə iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırlarsa, xarici ölkələrdəki diaspor təşkilatlarımız eyni məqsədə xidmət edirlərsə, xarici ölkələrdəki diplomatik korpuslarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı əlaqələr çərçivəsində fəaliyyət göstərirlərsə, bir-birləri ilə daim məsləhətləşmələr aparır, eyni hədəflərə doğru hərəkət edirlərlərsə, nədən bizim media orqanlarımız da bilrikdə fəaliyyət göstərməsinlər?!"