Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda İcra Hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün informasiya sessiyası keçirilir.
APA-nın məlumatına görə, sessiyada Prezident Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov, MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç iştirak edir.
MSK sədri M. Pənahov regionlarda bu qəbildən iki sessiya keçirildiyini, bu gün Bakıda keçirilən sessiyanın sonuncu olduğunu söyləyib. O bildirib ki, bələdiyyə seçkilərinə marağın çox olduğu müşahidə edilir: "Bu gün 37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib. Bu, keçən bələdiyyə seçkilərindəki namizədlərdən 7 min nəfər artıqdır. Keçən il hər bələdiyyə üzvlüyünə 2 namizəd vardısa, bu il orta hesabla 2,5 namizəd var. Nəzərə alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, deməli, bələdiyyə seçkilərinə maraq yüksəkdir. 300 nəfərə qədər namizəd qeydə alınandan sonra namizədlikdən imtina edib. Namizədliklə bağlı müraciət edənlərin 99 faizi qeydə alınıb”.
M. Pənahov qeyd edib ki, səsvermə zamanı seçicilərə və onların nümayəndələrinə hansısa maneçilik törədilməyəcək: "İndiyə qədər 10 minə qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçinin olacağı gözlənilir. Ümumilikdə 30 partiyanın üzvü bələdiyyə üzvlüyünə namizəddir. Artıq bütün seçki məntəqələri, dairə seçki komissiyaları seçkiyə hazırdır. Bu sahədə Avropa üçün nümunə ola bilərik. Azərbaycanda seçkilərdə müşahidəçi və digər statusla iştirak edən qonaqlar da bunu təsdiqləyirlər. Bizim yeganə narahat ola biləcəyimiz məqam seçicilərin aktiv iştirakıdır. Bu sahədə maarifləndirici işlər aparılır, seçicilər seçkidə aktiv iştirak etməyə çağırılır. Biz seçicilərin seçkidə aktiv iştirakı üçün bundan sonra da əlimizdən gələn işləri görəcəyik”.