Rusiya Prezidenti Vladimir Putin Ortamənzilli Raket Qüvvələri Sazişinin dayandırılması haqqında federal qanunu imzalayıb.
Baki-xeber.com xəbər verir ki, parlamentin ötən ay qəbul etdiyi qanun iyulun 3-də hökumətin saytında dərc olunub.
Sənəddə deyilir: "Sovet Sosialist Respublikaları İttifaqı və Amerika Birləşmiş Ştatları arasında 1987-ci il dekabrın 8-də Vaşinqton şəhərində orta və qısa mənzilli raketlərinin ləğvinə dair imzalanmış müqavilə dayandırılsın".
Bu saziş 1987-ci ildə Vaşinqtonla Moskva arasında imzalanmışdı. Birləşmiş Ştatlar sazişdən fevralda çıxıb. Vaşinqton və müttəfiqləri Rusiyanı paktı pozan raket sistemi yerləşdirməkdə ittiham edib.
İttihamı rədd edən Rusiya da oxşar davranıb. Moskva Birləşmiş Ştatları sazişi pozmaqda günahlandırır, Vaşinqton isə ittihamı rədd edir.
Sözügedən saziş ilk dəfə olaraq raketlərin bütöv bir sinfinin ləğvini nəzərdə tuturdu. Pakta görə, Birləşmiş Ştatlar və Rusiya 500-5 min 500 kilometri vura bilən qanadlı, yaxud ballistik raketlər hazırlaya, yerləşdirə bilməzlər.