İyulun 1-də Rusiyaya məxsus elmi-tədqiqat sualtı qayığında yanğın baş verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, sualtı elmi-tədqiqat aparan gəminin göyərtəsində olan 14 dənizçi tüstüdən zəhərlənərək həlak olub.
Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, ekipajın fədakarlığı sayəsində yanğını söndürmək mümkün olub. İnsidentin Rusiya ərazi sularında baş verdiyi bildirilir.
Hadisədən sonra bütün proqramlarını ləğv edən Rusiya prezidenti Vladimir Putin müdafiə naziri sergey Şoyqu ilə bir araya gəlib. Qəzanın Rusiya və ordu üçün böyük itki olduğunu deyən Putin, sözügedən gəminin adi bir gəmi olmadığını bildirib. Həlak olan dənizçilərin ailələrinə başsağlığı verən Putin onların və sağ qurtulan dənizçilərin ailələrinə yerdım edilməsini tapşırıb. Rusiya prezidenti müdafiə nazirinə, qəzanın baş vermə səbəblərinin araşdırılmasını şəxsən nəzarətdə saxlamasını və ona məlumat verməsini istəyib.
Bu arada, rus mediası yanğının “Loşarik” adı ilə tanınan və nüvə enerjisi ilə işləyən kəşfiyyat sualtı qayığında baş verdiyini yazıb. RBC xəbər agentliyi isə, yanğın baş verdiyi AS-12 sualtı gəmisinin nüvə mühərriki ilə işlədiyini iddia edib, ancaq bununla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Sosial mediada qəzadan sonra nüvə sızıntısı xəbərləri yayılmasının ardından Norveç Radiasiya və Nüvə Təhlükəsizliyi təşkilatı açıqlama yayıb. Açıqlmada deyilir ki, Rusiyanın sualtı gəmisində qəzanın baş verdiyi ərazidə yüksək səviyyədə radiasiya qeydə alınmayıb. Rusiya tərəfinin onlara qaz partlayışı ilə bağlı məlumat verdiyi qeyd edilir.