Liviyada Xəlifə Hafterə tabe olan hərbi qüvvələr tərəfindən saxlanılan 6 Türkiyə vətəndaşı azadlığa buraxılıb.
Baki-xeber.com xəbər verir ki, Türkiyə mediası diplomatik mənbələrə istinadən, saxlanılan 6 Türkiyə vətəndaşının azad edildikdən sonra, işlədikləri Liviya şirkətinin rəhbərliyi ilə gəmiyə qayıtdıqlarını və öz istəklərilə işləməyə davam etmək qərarına gəldiklərini yazır.
Qeyd edək ki, Hafter qüvvələrinin Türkiyə vətəndaşlarını saxlamasından sonra Türkiyə Xarici İşlər Nazirliyi sərt bəyanat yaymışdı. Bəyanatda Xəlifə Hafterə tabe olan hərbi qüvvələr tərəfindən saxlananların dərhal azadlığa buraxılmaları tələb olunurdu: "Liviyada Hafterə tabe olan qanunsuz milis qüvvələri tərəfindən altı vətəndaşımızın saxlanması quldurluq və piratlıq səviyyəsində bir hərəkətdir. Vətəndaşlarımızın dərhal azad edilməsini gözləyirik. Əks təqdirdə Hafter qüvvələri hədəf olacaqlar".