İsrailin Baş naziri Binyamin Netanyahu, Avropa Birliyini, zənginləşdirilmiş uranla bağlı 300 kq-lıq limiti aşdığına görə İrana avtomatik sanksiyalar tətbiq etməyə çağırıb.
Baki-xeber.com Euronews-a istiandən xəbər verir ki, B.Netanyahu İsrailin İrana nüvə silahı istehsal etməsinə icazə verməyəcəyini bir daha bəyan edib.
“Avropa ölkələrini də, öz öhdəliklərinə sadiq qalmağa çağırıram. Sizlər, İran müqaviləni pozduğu halda hərəkətə keçmək vədi verdiniz. BMT tərəfindən müəyyənləşdirilən avtomatik sanksiya mexanizmini hərəkətə gətirmək vədi etdiniz" - B.Netanyahu deyib.
Sözügedən anlaşma ilə bağlı “Reuters”ə açıqlama verən bir avropalı diplomat isə, sazişə uyğun olaraq qurulan mexanizmə görə, mübahisə yarandığı halda, sənədi imzalayan dövlətlərin yaratdığı birgə komissiyanın bir sonrakı addımı müəyyənləşdirməkdə söz sahibi olduğunu deyib.
Qeyd edək ki, İran bundan əvvəl Avropa ölkələrinə ultimatum verərək, anlaşmanı imzalayan ölkələrdən vədlərinə sadiq qalmaları və topun artıq Avropanın sahəsində olduğuna dair xəbərdarlıq etmişdi.
Iyulun 1-də isə rəsmi Tehran 2015-ci ildə dünya qüdrətləri ilə əldə etdiyi razılaşmada icazə verilən az zənginləşdirilmiş urana tətbiq olunan 300 kq-lıq limiti aşdığını bəyan edib.