İran 2015-ci ildə dünya qüdrətləri ilə əldə etdiyi razılaşmada icazə verilən az zənginləşdirilmiş urana tətbiq olunan limitdən daha çox uran istehsal etdiyini açıqlayıb. Baki-xeber.com xəbər verir ki, İranın “Fars” rəsmi xəbər agentliyi rəsmi Tehranın anlaşmada nəzərdə tutulan 300 kq-lıq limiti aşdığını bəyan edib.
İranın nüvə proqramına nəzarət edən BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi də zənginləşdirilmiş uran limitini ölçdüyünü və Tehranın limiti keçdiyini təsdiq edib.
İran, Birləşmiş Ştatlar razılıqdan geri çəkiləndən sonra ilk dəfə belə bir addım atıb. Həm də bu Avropa ölkələrinin Birləşmiş Ştatlar və İranı müharibənin astanasından geri çəkməyə çalışdığı bir vaxt təsadüf edir.
Trampın sanksiyaları sərtləşdirməsindən sonra may ayında anlaşmanın saxlanmasına tərəfdar olan ölkələrə 60 gün vaxt verən İran zənginləşdirilmiş uranın miqdarını artıracağını bildirmişdi. İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvendi isə, 26 iyunda Avropa ölkələrinə verilən müddətin bitməsindən sonra zənginləşdirilmiş uranın miqdarını artıracağını açıqlamışdı.
Prezident Donald Trampın ötən il Barak Obamanın hakimiyyəti dövründə imzalanan nüvə razılığından geri çəkilmək qərarına qarşı çıxan avropalılar isə İranı razılığa əməl etməyə çağırıb. İran bildirib ki, bunu etməyə çalışacaq, lakin Trampın tətbiq etdiyi sanksiyalar İranı nüvə razılığı əsasında nüvə proqramını məhdudlaşdırmaq müqabilində əldə edəcəyi imtiyazlardan məhrum etməyə davam edəcəyi təqdirdə bunu etməyə davam edə bilməyəcək.
Xarici işlər naziri Məhəmməd Cavad Zərid də deyib ki, İran daha öncə xəbərdarlıq etdiyi kimi limiti keçib: “Biz çox şəffaf şəkildə nə edəcəyimizi söyləmişdik.”