Şimali Kipr Türk Cümhuriyyətində paytaxt Lefkoşa və Girnə arasındakı Taşkent kəndi yaxınlığına düşən bir cisimdən sonra partlayış səsləri eşidilib.
Baki-xeber.com xəbər verir ki, təhlükəsizlik qüvvələrinin heç kəsin yaxınlaşmasına icazə vermədiyi bölgədə yanğın başlayıb.
Şahidlər düşən bir cisim gördüklərini, sonra bir neçə partlayış səsi eşitdiklərini və yanğının başladığını söyləyiblər. Hadisə yerində ordu, polis və yanğınsöndürənlər cəlb olunub.
Şimali Kıbrıs Türk Cümhuriyyəti baş nazirinin müavini və xarici işlər naziri Kudrət Özərsay bildirib ki, ilk dəlillər partlayışa səbəb olan cismin xüsusiyyətinin ya partlayıcı bir hava obyekti, yaxud da birbaşa bir partlayıcı (raket) olduğuna işarə edir. O deyib ki, qalıqlar üzərindəki yazılar və digər işarələr yaxın zamanda dəqiq şəkildə onun nə olduğu ortaya çıxacaq.
Hadisə yerində aparılan tədqiqatlarda bir motor qalıqlarına təsadüf edilib. Qalıqlar üzərindəki rusca yazılar diqqətləri cəlb edib.
Türkiyə mediasına açıqlama verən mənbələr, Taşkentə düşən obyektin Suriyanın İsrailə qarşı hava müdafiəsində istifadə etdiyi raket olduğunu deyib.
Hadisə baş verdiyi an İsrailin də Suriyanı vurduğuna diqqət çəkən mənbə, "Böyük ehtimalla bu raket də Suriya tərəfdən atıldı. Raketlə bağlı toplanmış dəlillər Baş Qərargaha təqdim edilib. Ankara dəqiq məlumatları açıqlayacaq" deyib.
Şimali Kıbrıs Türk Cümhuriyyəti rəhbərliyi də bu məlumatı təsdiqləyib. Bildirilib ki, ilki dəyərləndirmələr, bölgədə tapılan qalıqların Rusiya istehsalı S-200 sisteminə aid raket qalıqları olduğunu ortaya çıxarıb.
Kiprin Yunan hissəsi də partlayışdan sonra ordunu hazır vəziyyətə gətirib və BMT-yə du partlayış haqda məlumat verib.