Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Osakada "Böyük İyirmiliyin – G-20" sammiti çərçivəsində baş tutan görüşün detalları məlum olub.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Kreml liderlərin Suriya, İdlib və Çin barədə müzakirələr apardıqlarını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov bu çərçivədə Türkiyə haqda da danışıldığını deyib.
Kremlin açıqlamsaında ən diqqət çəkən məqam isə Putinin amerikalı həmkarı Trampı Moskvaya dəvət etməsi oldu. Qeyd edilir ki, Putin Trampı Moskvaya, Qələbənin 75 illik yubileyi ilə bağlı tədbirə qatılmağa dəvət edib.
Liderlər iki ölkə arasında ticarətin inkişafına mane olan məhdudiyyətləri müzakirə etmək üçün razılığa gəliblər.
Ağ Evdən isə bildirilib ki, prezidentlər İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Açıqlamada, iki liderin Trampın, bundan əvvəl Çinin də daxil edilməsi gərəkdiyini dediyi, 21-ci əsrdə silahlara nəzarət modeli məsələsində iki tərəfin də danışıqları davam etdirməsi mövzusunda razılığa gəldiyi ifadə edilir.
Bu arada Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da Putinin Trampı Moskvaya dəvət etdiyini deyib. "Biz ABŞ prezidentini gələn ilin mayında Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə Rusiyaya səfərə dəvət etmişik", - deyə Uşakov "Rossiya 24" telekanalının efirində bildirib.
"ABŞ prezidenti çox pozitiv reaksiya verdi. Bununla bağlı hansı ölkənin müharibə illərində nə qədər itirməsi, kimin rolunun daha həlledici olmasına dair söhbət oldu. Sovet xalqının bu qələbəyə töhfəsi vurğulandı", - deyə Uşakov vurğulayıb.