Avropa ölkələrinin İranla ticarəti davam etdirməsi və ABŞ sanksiyalarını aşmaq üçün yaradılan İNSTEX (İnstrument in Support of Trade Exchanges) xüsusi ödəmə mexanizmi işə salınıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Vyanada Fransa, Almaniya, Böyük Britaniya, Rusiya, Çin və Avropa Birliyinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planına dair, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmidin rəhbərliyi ilə baş tutan görüşündən sonra İran nümayəndəsi Abbas Arakçi açıqlama verib.
Arakçi İNSTEX ödəmələr mexanizminin işə düşdüyünü və ilk köçürmələrin edildiyini deyib. Onun sözlərinə görə, Fransa, Almaniya, Böyük Britaniya və Avropa Birliyinin İrana qarşı ABŞ sanksiyalarını aradan qaldırmaq məqsədilə yaratdığı İNSTEX-in, Avropadan kənar üçüncü ölkələrin də istifadəsinə açılması planlaşdırılır.
Qeyd edək ki, ABŞ bundan əvvəl, İrandan xam neft idxal edən istənilən bir ölkəyə qarşı sanksiya tətbiq ediləcəyini açıqlayıb.