Gürcüstanda 2020-ci il parlament seçkiləri proporsional sistemə uyğun həyata keçiriləcək.
Sputnik Gürcüstan xəbər verir ki, bu bərədə hakim "Gürcü Arzusu — Demokratik Gürcüstan" partiyasının təsisçisi və sədri Bidzina İvanişvili deyib. Bununla da, hakim partiya Tiflisdə iyunun 20-dən mitinqlər keçirən vətəndaşların ikinci tələbini yerinə yetirib.
İvanişvili bildirib ki, “Gürcü Arzusu — Demokratik Gürcüstan” partiyası genişmiqyaslı siyasi islahatın həyata keçirilməsi təşəbbüsünü irəli sürür.
“2020-ci ilin parlament seçkiləri proporsional sistemə uyğun, seçicilər üçün sıfır maneə şəraitində keçirilməlidir”, - deyə o bildirib.
Ölkənin Baş Naziri Mamuka Baxtadze jurnalistlərə bildirib ki, "Bidzina İvanişvili misli olmayan bir qərar səsləndirib".