Moldovada siyasi böhran… Oliqarxın dəstəklədiyi qərbyönümlü Filip hökuməti cəmi bir həftə hakimiyyətdə qala bildi

Moldova tarixində ən ciddi və maraqlı böhranlardan birini yaşayır. Baki-xeber.com xəbər verir ki, Rusiya və Qərb tərəfdarı siyasi qüvvələr 24 fevral seçkilərindən sonra ilk dəfə bir araya gələrək koalisiya yaratdı. Koalisiya ACUM liderlərindən Mayya Sandunun rəhbərliyi ilə yeni hökuməti də təsdiqlədi.
Ancaq ölkənin ən güclü oliqarxlarından biri Demokratik Partiyanın lideri Vlad Plahotnyuk maneəsini aşa bilmədi. Plahotnyuk Konstitusiya Məhkəməsində parlamentin buraxılması, yeni seçkinin keçirilməsi barədə qərar çıxarılmasına nail olub. Məhkəmə Sandu hökumətini qeyri-konstitusion elan edərək Sosialist Partiyasının keçmiş lideri Dodonu prezidentlikdən kənarlaşdırıb. Aralıq dövr prezidenti kimi iş başına keçən Pavel Filip parlamenti dərhal buraxaraq sentyabrın 6-na növbədənkənar seçki təyin edib.
Çoxları Demokratik Partiyanın rəhbəri Vladimir Plahotnyukun ölkəni pərdəarxasında idarə etdiyini düşünür. Sosialistlər və ACUM Konstitusiya Məhkəməsini oliqarxın əsiri olmaqda ittiham edir.
Bütün bunlara baxmayaraq, Sandu hökumətini Konstitusiya Məhkəməsinin qərarını rədd edərək, qanuni hökumət olduğunu bildirib. Artıq bir həftədir Moldovada siyasi gərginlik hökm sürür, iki rəqib hökumət də özünü legitim sayır.
Dünən isə Moldovada Pavel Filipin baş naziri olduğu hökumət istefa verib. Ölkənin Demokratiya Partiyası yeni baş nazir Mayya Sandunun xeyrinə qərar çıxarıb. “Biz ölkəni təhlükədən xilas etmək üçün hökumətdən imtina etdik. Yaxın saatlarda Pavel Filip hökumətin rəsmən istefasını açıqlayacaq” - partiyanın sədrinin müavini Vladimir Çebortar deyib.