Rusiyadan alınan S-400 zenit-raket komplekslərinə görə Türkiyəni təhdid edən ABŞ beşinci nəsil "F-35" tipli qırıcıları ilə bağlı Ankaraya qarşı ilk qadağasını açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Birləşmiş Ştatlar Türkiyədən gələn və "F-35"lə bağlı təlim alan türk pilotların qəbulunu dayandırmaq barədə qərar qəbul edib.
"Reuters" agentliyi iki fərqli mənbəyə istinadən, "F-35"ləri istifadəsi ilə bağlı türk pilotlara keçirilməsi planlaşdırılan təlimlərin dayandırıldığını yazıb.
Hazırda Arizonadakı Luke hərbi hava bazasında olan türk pilotların "F-35" təlimlərinin davam edəcəyini deyən mənbələr, qərarın ABŞ-a gəlməsi planlaşdırılan yeni pilot və texniki xidmət personalına şamil ediləcəyini bildirib.
Bununla bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur. Ancaq ABŞ-dan olan iki rəsmi mənbə, Ankara öz planlarını dəyişərsə, rəsmi Vaşinqtonun da bu qərarını ləğv edə biləcəyini deyib.
Bu qərar Rusiyadan alınan S-400 zenit-raket komplekslərinə görə, ABŞ və Türkiyə arasında münasibətlərin pozulması ilə bağlı verilib.
Rəsmi Vaşinqton Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə zenit raket komplekslərinin "F-35" qırıcıları üçün təhlükə yaradacağını düşünür.
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan G-20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixlərində bir araya gələcək. Bu görüş ərəfəsində ABŞ-ın "F-35" təlimi qadağası diqqət çəkir.