Rusiya prezidenti Vladimir Putin ölkəsinin 2021-ci ildə başa çatacaq Strateji Silahların Azaldılması haqqında sazişindən (START) çıxmaq üçün hazırlıqlara başladığını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Putin bu barədə Sankt-Peterbuqrda keçirilən Beynəlxalq İqtisadi Forumda (SPIEF 2019) çıxışı zamanı deyib.
ABŞ-ın raketlərlə bağlı razılaşmadan çəkilməsinin qlobal təhlükəsizliyi sual altında qoyduğunu deyən Rusiya prezidenti bildirib ki, beynəlxalq silah nəzarəti sisteminin çökməsi məsələsində ciddi risq mövcuddur.
Fransanın AFP agentliyi xəbər verir ki, Putin, ölkəsinin 2021-ci ildə sona çatacaq Strateji Silahların Azaldılması üzrə Sazişindən (START) çəkilmək üçün hazırlıqlara başladığını açıqlayıb.
Putin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Vaşinqtonun 2021-ci ildə möhləti bitəcək sazişi yeniləməkdə tərəddüd etdiyini deyib. “Biz onu uzatmaq məcburiyyətində deyilik. Bizim sistemlərimiz Rusiyanın təhlükəsizliyini uzun dönəmə təmin edə bilər..
Əgər heç bir tərəf START sazişini uzatmağa meyl göstərmirsə, onda biz onu etməyəcəyik” - Putin deyib”.
Qeyd edək ki, ABŞ Konqresinin bəzi üzvləri prezident Donald Trampa ünvanladıqları məktubda 2021-ci ildə sona çatacaq razılaşmanın müddətini uzatmağa çağırıblar.
START sazişi 8 aprel 2010-cu ildə prezident Dmitri Medvedyevlə amerikalı həmkarı Barak Obama arasında imzalanıb. Praqada imzalanmış müqavilə ölkələrin sahib ola biləcəyi strateji nüvə başlıqlarının və raket qurğularının sayını yarıya endirib.