ABŞ, körfəz bölgəsində ən yaxın tərəfdaşı olan Səudiyyə Ərəbistanının Çinin dəstəyi ilə ballistik raket proqramını ciddi şəkildə sürətləndirdiyinə dair kəşfiyyat məlumatları əldə edib.
Baki-xeber.com xəbər verir ki, CNN bu barədə üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Iddialara görə, Donald Tramp hökuməti ilk əvvəl bu məlumatı Konqresin önəmli üzvlərilə paylaşmaq istəməyib. Ancaq bəzi Demokrat senatorlar bu haqda kəşfiyyat məlumatlarını başqa mənbələrdən əldə ediblər və məsələdən kənarda saxlanmalarına sərt reaksiya veriblər.
Kəşfiyyat məlumatlarına görə, Səudiyyə Ərəbistanı son dövrlərdə Çindən həm raket infrastrukturunu, həm də texnologiyasını inkişaf etdirəcək dəstəklər alıb.
Mənbələr Səudiyyə Ərəbistanının bu addımının ABŞ Konqresinin bəzi üzvləri arasında Orta Şərqdə yeni bir silah müharibəsi təhlükəsi yaratmasından narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, iki gün əvvəl ABŞ rəhbərliyinin jurnalist Camal Kaşıqçı cinayətindən 16 gün sonra bəzi Amerika firmalarına Səudiyyə Ərəbistan ilə həssas nüvə məlumatlarını paylaşmağa icazə verdiyi ortaya çıxıb.
Demokrat senator Tim Keyn, Camal Qaşıqçının ötən ilin oktyabrında Türkiyədəki Səudiyyə Ərəbistanı konsulluğunda qətlindən sadəcə 16 gün sonra Vaşinqtonun “bəzi Amerika firmalarına nüvə silahının hazırlanması ilə bağlı həssas məlumatları Səudiyyə Ərəbistanla paylaşma izni verdiyini” göstərən sənədləri gördüyünü deyib.
Keyn bütün dünyaya səs salan, Riyadla yanaşı Vaşınqtona da təsir edən sözügedən cinayətdən qısa müdət sonra ABŞ-ın Səudiyyəyə tanıdığı bu imtiyazın Vaşinqtona baş ucalığı gətirmədiyini qeyd edib.
Bu ilin fevralında ABŞ administrasiyasının Səudiyyəyə nüvə məsələsində daha bir imtiyaz verdiyini deyən senator bildirib ki, bütün bunlar ictimaiyyətə açıqlanmalıdır.