ABŞ prezidenti Donald Trampın Rusiyanın “adamlarının böyük bir qismini” Venesueladan çıxardığına dair Vaşinqtonu məlumatlandırdığını deyib. Ancaq bundan qısa müddət sonra Kreml Trampın açıqlamasını təkzib edib.
Baki-xeber.com xəbər verir ki, Britaniyada səfərdə olan Tramp bu barədə Twitter-də yazıb.
ABŞ prezidenti yazıb ki, “Rusiya bizi, adamlarının böyük bir qismini Venesueladan çıxardığına dair məlumatlandırıb”. Ancaq Tramp bununla bağlı əlavə açıqlama verməyib.
Kremlin sözçüsü Dmitri Peskov isə Trampı təkzib edib. O, bildirib ki, Moskva bu məsələ ilə bağlı Trampla əlaqə saxlamayıb. Peskovun sözlərinə görə, Trampın informasiyasının Rusiya rəsmilərinin artıq təkzib etdiyi qəzetlərdən, yaxud başqa mənbələrdən qaynaqlandığı görünür.
Kremlin sözçüsü Rusiyanın hərbi müşavirlərinin Moskva və Karakas arasında hərbi razılaşmalar çərçivəsində hələ də Venesuelada işlədiyini və hər şeyin plana uyğun getdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal” qəzeti Pentaqondakı hərbi mənbələrə istinadən, Moskvanın Venesueladakı hərbi müşavirlərini bu ölkədən çıxaracağını yazıb. Rusiyanın Venesueladakı səfiri isə bu iddiaları təkzib edib.