Rusiya prezidenti Vladimir Putin SSRİ-ABŞ arasında imzalanmış Orta Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin (INF) ləğvi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Baki-xeber.com xəbər verir ki, bunu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlama verib.
Volodin Dumanın layihəni ən qısa müddətdə müzakirəyə çıxaracağını deyib.
Xatırladaq ki, 1987-ci ilin dekabr ayında Vaşinqtonda yüksək səviyyəli Sovet-Amerika görüşü zamanı yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilə imzalanıb. SSRİ-nin rəhbəri Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqan tərəfindən imzalanan Orta Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin (INF Müqaviləsi) şərtlərinə uyğun olaraq, SSRİ 826 ədəd orta mənzilli, 926 ədəd yaxın mənzilli, ABŞ isə 689 orta və 170 yaxın mənzilli raketi ləğv etməli idi. Orta mənzilli raketlər üç il ərzində, yaxın mənzilli raketlər isə il yarım ərzində ləğv olunmalı idi. SSRİ-də nüvə döyüş başlığı 2500 ədəd, ABŞ-da isə 1320 ədəd ləğv olunmalı idi. Bu proses üzərində ciddi beynəlxalq nəzarət qoyulmalı idi. Lakin müqavilənin icrası vəziyyətinə görə tərəflər indiyə kimi bir-birini ittiham edir.
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl ölkəsini İNF-dən çıxardığını açıqlamış və Çinlə silahların məhdudlaşdırılması məsələsində yeni anlaşma əldə ediləcəyi ehtimalı olduğunu bildirmişdi.