İran prezidenti Həsən Ruhaninin məsləhətçisi Məhəmməd Əli Nəcəfi öz həyat yoldaşını öldürüb.
Baki-xeber.com xəbər verir ki, ISNA-ya açıqlama verən Cəza Prokurorluğunun rəhbəri Məhəmməd Şəhriyari, Nəcəfinin həyat yoldaşını öldürdüyünü etiraf etdiyini deyib. Nəcəfinin polisə təslim olduğunu ifadə edən Şəhriyari, "Nəcəfi anlaşılmazlıqlara görə həyat yoldaşını öldürdüyünü etiraf etdi" deyib.
Ruhaninin yaxın adamlarından olan, Tehranın keçmiş bələdiyyə sədri Məhəmməd Əli Nəcəfinin ikinci arvadı olan Mitra Nəcəfi, Tehranın şimalındakı Saadat Abad səmtindəki evində sinəsindən vurularaq öldürülüb.
İranda islahatçılara yaxınlığı ilə tanınan "İnsafnews" xəbər saytının əməkdaşı Perisa Salihi hadisədən dərhal sonra sosial media hesabından paylaşdığı mesajda, "Nəcəfinin həyat yoldaşı dünən “İnsafnews” saytına zəng etdi və bizə açıqlama vermək istədi. Bu gün ofisə gəlməli idi, ancaq eyni gün öldürüldü" - deyə qeyd edib.
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani dövründə təhsil naziri vəzifəsində çalışan Məhəmməd Əli Nəcəfi, bir müddət prezident Ruhaninin köməkçisi işlədikdən sonra 2017-də Tehranın bələdiyyə başçısı seçilmişdi. Nəcəfi keçən il uşaqların rəqs etdiyi bir mərasimə qatıldığı üçün tənqidlərə məruz qaldıqdan sonra "xəstəliyi" səbəb göstərərək istefa vermişdi. İslahatçı qanadın nümayəndəsi olan Nəcəfi, prezident Ruhaninin yaxın dəstəkçilərindən sayılır.