İran Fars körfəzi ölkələrinə hücum etməmək barədə müqavilə imzalamağı təklif edib. Baki-xeber.com xəbər verir ki, bunu İran xarici işlər naziri Cavad Zərif deyib.
XİN başçısı qeyd edib ki, Tehran Fars körfəzi ölkələri ilə münasibətlərinin yaxşı olmasını istəyir və gərginliyin azaldılmasına yönəlik istənilən təklifi dəstəkləyir.
Ancaq İranın hücum etməmək barədə müqavilə təklifini hansı Körfəz ölkələrinə etdiyinə dair açıqlama verilmir. İranla Yəməndəki vətəndaş müharibəsində qarşı-qarşıya gələn Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr də bu bölgədə yerləşir.
Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Son vaxtlar isə ABŞ-la İran arasındakı münasibətlər daha da gərginləşib.
ABŞ bölgəyə "Abraham Lincoln" gəmisi başçılıq etdiyi aviasiyadaşıyıcı zərbə qrupu göndərib.