Rusiya Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a Moskvaya qarşı sanksiyaları artırın çağırışına münasibət bildirib.
Baki-xeber.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Zelenskiyə xəbərdarlıq edərək, sanksiya çağırışlarının Donbasdakı problemin həllinə heç bir təsirinin olmayacağını deyib.
“Rusiyaya qarşı sanksiyalar çağırışları yeni bir şey deyil. Bu, Ukraynanın cənub-şərqindəki (Donbas) problemi həll etməyəcək. ABŞ Minsk sazişlərinin bir sıra tələblərini yerinə yetirə bilmir, Rusiyada həmçinin…”
Peskovun sözlərinə görə, anlaşmaları yerinə yetirə biləcək və yetirməli olan tərəf Kiyevdir.
ABŞ administrasiyasının Rusiya qazını Almaniyaya daşıyacaq "Şimal Axını 2" layihəsi üçün sanksiya tətbiqinə hazırlaşdığını ifadə edən Peskov, layihənin tamamlanacağına əmin olduğunu deyib. ABŞ-ın "Şimal Axını 2" layihəsinin beynəlxalq layihə olduğunu unutmaması gərəkdiyini qeyd edən Peskov, layihədə çox böyük beynəlxalq şirkətlərin iştirak etdiyini, maliyyələşmənin böyük ölçüdə həll edildiyini və tikinti işlərinin sürətlə getdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Yaponiyada baş tutacaq G20 sammitində bir araya gələcəkləri halda, Avropanın enerji təhlükəsizliyinə dair məsələlər də müzakirə ediləcək.
Xatırladaq ki, Zelenski Kiyevdə Birləşmiş Ştatların nümayəndələrilə görüşü zamanı ABŞ-ı Moskvaya qarşı sanksiyaları artırmağa çağırıb: “ABŞ hər şeydən əvvəl Rusiya təcavüzünün öhdəsindən gəlməkdə Ukraynanın güclü və çox ciddi müttəfiqidir. Biz Donetsk hövzəsində və Krımda Rusiya təcavüzünün öhdəsindən gəlməyi bacarmayacağıq. Buna görə sizin köməyiniz lazımdır, bu çərçivədə rəsmi Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları sərtləşdirərək davam etdirməlidir”.
ABŞ enerji naziri Rik Perri isə Zelenski ilə görüşdə Vaşinqtonun "Şimal Axını 2" layihəsinə sanksiya tətbiq etməyə hazırlaşdığını bildirmişdi.