Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada İŞİD üzvlüyünə görə cəza çəkən bir neçə məhbus qiyam başladıb.
“Trend”in məlumatına görə, bu barədə Tacikistanın Ədliyyə Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatında deyilir: "Ötən gün (bazar günü) təxminən saat 20:30-da başlayan iğtişaşlar zamanı İŞİD-ə üzvlüyə görə cəza çəkən təxminən 30 nəfər bıçaq və digər iti silahlarla 3 nəzarətçini girov götürüb, daha sonra qətlə yetirib".
Bildirilir ki, qiyam başladanlar arasında da ölənlər var: "Danışıqlar zamanı cinayətkarlar arasında da toqquşmalar baş verib. Həbsxana əməkdaşlarının qaydalara riayət etmək çağırışlarına məhəl qoymayan cinayətkarlar onlara hücum edib və daha bir neçə nəzarətçini yaralayıb. Həbsxananın administrasiyası tərəfindən vəziyyətin nəzarətə alınması üçün qəti tədbirlər görülüb və bu zaman təhlükəli cinayətkarlar arasında da ölənlər olub".
Nazirlik həbsxanada vəziyyətin stabildir və nəzarət altında olduğunu, istintaq orqanlarının insidentlə bağlı araşdırmaları davam etdirdiyini bildirib.
Tacikistanın ədliyyə nazirinin müavini, Cəzaların icrası üzrə Baş İdarənin rəhbəri Mansurcon Umarov "RİA Novosti"yə bildirib ki, qiyam zamanı 29 məhbus və 3 nəzarətçi həlak olub.
Onun sözlərinə görə, məhbuslardan 8-i toqquşmalar zamanı digər məhbuslar tərəfindən qətlə yetirilib.