İran xarici işlər nazirinin müavini Abbas Arakçı, ABŞ prezidenti Donald Trampın iqtisadi təzyiqləri davam etdirəcəyi təqdirdə, Əfqanıstan qaçqınlarını ölkədən çıxara biləcəkləri ilə təhdid edib.
Baki-xeber.com xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin Tehranın nüvə anlaşması çərçivəsində maraqları nəzərə alınmazsa 60 gün ərzində zənginləşdirilmiş uran səviyyəsini artıracaqları xəbəbərdarlığından sonra, xarici işlər nazirinin müavini Abbas Arakçı ölkəsinin “əfqan qaçqınları kartını” işə salacağını deyib.
Arakçı, Trampın iqtisadi təzyiqləri davam etdirəcəyi halda əfqan qaçqınlardan İranı tərk etmələrini istəyə biləcəklərini deyib. Digər İran rəsmiləri də deportasiya edildikləri halda əfqan qaçqınlarının Avropaya üz tutacaqlarına dair açıqlamalar veriblər.
"40 ildir Əfqanıstandan köçkünləri qəbul etdik..." - deyən nazir müavini bugün İranda 3 milyondan çox Əfqanıstan vətəndaşının yaşadığını bildirib. “Bunların 2 milyondan çoxu işləyir. Əfqanıstandakı ailələrinə pul göndərdiklərini nəzərə alsaq, İrandan hər il 3-4 milyard avro pul çıxarılır" - Arakçı deyib.
XİN müavini, İran məktəblərində təhsil alan 400 mindən çox əfqan şagirdin hər birinə ildə 600, İran universitetlərində oxuyan 23 mindən çox əfqanıstanlının isə hər birinə ildə 15 min avro xərc çəkildiyini vurğulayıb: "...İran neftinin satışının tam dayandırılmasına çalışsalar, maliyyə resursları məhdud olan İran xüsusi iqtisadi tədbirlər həyata keçirəcək. Bu vəziyyətdə əfqan qaçqınlarının bu xərclərini ödəməyə davam edə bilməyəcəyimiz vəziyyətə gələ bilərik. Onda da əfqan qardaşlarımızdan İranı tərk etmələrini istəyə bilərik"
Arakçı İran Xarici İşlər Nazirliyinin, illərdir miqrant məsələsilə bağlı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı, AB səlahiyyətliləri və Əfqanıstan hökuməti ilə müzakirə apardığını deyib: "Əfqanıstanda xalqın başına gələn müsibətlərin səbəbkarı Qərb ölkələridir. Ona görə də bu məsələ ilə bağlı öhdəliklərini yerinə yetirməlidirlər.
ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq edib, maliyyə qaynaqlarını məhdudlaşdırmağa çalışdığı bir vaxtda, İranın da yeni tələblərinin olması ortadadır. Avropa ölkələri Əfqanıstan miqrantlarının qəbul edilməsilə bağlı üzərlərinə düşəni etməlidirlər. Aİ ya məcburi köçkünlərin xərclərini ödəməlidir ya da bir qismini öz ölkələrində qəbul etməlidir”.