İranın son dövrdəki addımlarını hədə kimi səciyyələndirən ABŞ prezidenti Donald Tramp, bir tərəfdən üstüörtülü şəkildə Tehranı təhdid edib, digər tərəfdən də yeni bir nüvə sazişi üçün iranlı liderlərlə danışıqlara açıq olduğunu deyib.
Baki-xeber.com xəbər verir ki, Tramp İranın ABŞ üçün bir təhdid olduğunu deyib.
"İran çox təhlükəli davranırdı. İran məsələsində bilmək istəməyəcəyiniz şeyləri bilirik. Buna görə ölkəmizi qorumaq üçün tədbirlər görürük" - Tramp deyib.
ABŞ-la İran arasında hərbi qarşıdurma ehtimalına gəlincə, "Buna yox demək istəmirəm, amma ümid edirəm ki, elə bir şey olmayacaq" deyən Tramp, İran liderlərinin ona zəng etməsini istədiyini, ancaq ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin iranlılara Trampla danışmamağı məsləhət gördüyünü bildirib.
Rəsmi bir vəzifədə olmadığı halda Kerrinin sözügedən cəhdinin mövcud qanunların pozulması mənasına gəldiyini deyən Tramp, Kerrinin buna görə mühakimə olunması gərəkdiyini ifadə edib.
Tramp İranla nüvə sazişindən çıxdıqdan sonra İran iqtisadiyyatının pisləşdiyini deyib: "Mənə zəng etsinlər, oturub danışaq və ədalətli bir anlaşma əldə edək. Nüvə silahına sahib olmalarını istəmirik. İstədiyimiz böyük bir şey də deyil. Bu, onları yenidən yaxşı bir mövqeyə gətirə bilər. İrana zərər vermək istəmirik".
Tramp bildirib ki, Iran ABŞ-ın təsdiqlədiyi anlaşmanı imzalayacağı halda, bu ölkə iqtisadiyyatına dəstək verməyə hazırıq.