“New York Times” qəzeti ABŞ prezidenti Donald Trampın vergi məlumatlarını ələ keçirdiyini iddia edib. Qeyd edək ki, Trampın vergi məlumatlarını açıqlamaması ciddi müzakirələrə səbəb olub.
Baki-xeber.com xəbər verir ki, “New York Times”, 1985-1994-cü illər arasında Trampın 1,17 milyard dollar pul itirdiyini iddia edib. Tramp bu zərər sayəsində gəlir vergisi ödəməkdən azad olub
Tramp onun 1985-1994-cü illər arasında Nyu Yorkda daşınmaz əmlak maqnatı ikən 1,17 milyard dollar pul itirdiyinə dair xəbərə Twitter-də reaksiya verib.
İki ayrı tvitdə prezident “New York Times”da çıxan xəbəri “çox köhnə məlumat... olduqca qeyri-dəqiq, saxta xəbər qaralaması” adlandırıb amma sual edilən 10 ildən səkkizində federal gəlir vergisi ödəməkdən yayındığına toxunmayıb.
Tramp 1980-90-cı ilərdə əmlak biznesilə məşğul olanların hamısının zərər qeydlərinin olduğunu deyib: "O il ərzində hər kəs vergiyə görə, özünü ziyana düşmüş kimi göstərirdi. Bunu bütün əmlakçılar edirdi, daha sonra isə banklarla yenidən masaya otururdu... İdman kimi idi".
Qeyd edək ki, Tramp 2016-cı ildə prezidentliyə namizəd ikən və vəzifəsinin icrasına başlayandan bəri özünü dəfələrlə milyardlarla dollar dəyərində sərvəti olan müvəffəq sahibkar kimi qələmə verib. Lakin son qırx ildəki ABŞ prezidentlərindən fərqli olaraq o, könüllü şəkildə şəxsi federal gəlir vergisini açıqlamağı rədd edib.
“New York Times” bildirib ki, sual edilən 10 illik müddətdə Tramp ildən-ilə hər hansı başqa amerikalı vergiödəyicisi ilə müqayisədə daha çox pul itirib. Qəzet xəbərdə onun vergilərini açıqlamasa da, bunun əvəzinə sənədlərə çıxışı olan başqa bir insanın verdiyi məlumatlardan istifadə edib.
Trampın həmin dövrdəki itkilərinin çoxu bizneslərinin əsasını təşkil edən otellər, kazinolar və yaşayış binalarında olan pərakəndə satış məkanlarından əldə etdiyi gəlirlərdən olub. Bundan əlavə o, hava yolları şirkəti, peşəkar futbol komandasına uğursuz investisiyalar nəticəsində də pul itirib.
“New York Times”ın verdiyi məlumata görə, Tramp bu illər ərzində Tramp imperiyasına investisiya qoyan sərmayədarlar və banklardan gələn pullar hesabına lüks həyat sürüb. Tramp həmçinin atasının sərvətinə arxalanıb. Lakin belə görünür Tramp heç bir federal qanunu pozmayıb, çünki ABŞ-ın vergi qanunları insanlara əhəmiyyətli biznes itkilərini gəlirlərindən çıxaraq, vergi borclarını xeyli azaltmağa icazə verir.
Prezidentin vəkillərindən Çarls Harder də qəzetə bildirib ki, onların istifadə etdiyi vergi məlumatları açıq-aşkar səhvdir.
Nümayəndələr Palatasındakı demokrat qanunvericilər prezidentin xarici biznes müqavilələri ilə bağlı təhqiqatı çərçivəsində 2013-2018-ci illər arasındakə gəlir vergisi səndələrini ələ keçirmək istəyir.