Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbəsi ilə nəticələnən bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsinə və yenidən keçirilməsinə çağırıb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan İstanbuldakı seçkilərdə saxtakarlıq olduğunu deyib.
Indiyə kimi susduğunu deyən Türkiyə prezidenti, vətəndaşların seçkinin yenidən keçirilməsini istədiyini bildirib. “Bu, saxtakarlığı aradan qaldıracaq və Ali Seçki Komissiyasının adını təmizə çıxaracaq, həm də millətin könlü rahat olacaq.
Burada bir saxtakarlıq var. Bu açıq ortadadır. Yeni bir seçkiyə gedək, xalq nə qərar versə biz onu qəbul edəcəyik” – Ərdoğan deyib.
Ərdoğan Seçki Komissiyasını, mübahisələrə son qoyacaq və adını təmizə çıxaracaq qərar verməyə çağırıb.
Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 31 mart seçkiləri zamanı İstanbulda pozuntuların olduğunu deyərək, nəticələrin ləğv olunması, seçkinin yenidən keçirilməsi tələbilə Ali Seçki Komissiyasına müraciət edib.