Avropa Birliyi (AB) ABŞ-da, Kubada fəaliyyət göstərən əcnəbi şirkətlərə məhkəmə iddiası qaldırmağa icazə verəcək yeni qanunun (Herms-Burton qanunu) qüvvəyə minməsinə sərt reaksiya verib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Herms-Burton qanunu ilə bağlı açıqlama verən AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə təmsilçisi Federika Mogerini AB adından bunu beynəlxalq normalara zidd hesab etdiyini deyib.
Avropa rəsmisi bildirib ki, qərar AB ilə ABŞ arasında 1997 və 1998-ci ildə əldə edilən anlaşmalardakı öhdəliklərin pozulmasıdır. Avropa Birliyi ABŞ-da Herms-Burton qanununun qüvvəyə minməsindən təəssüfləndiyini deyən Mogerini, sözügedən qanunun gərəksiz münaqişəyə səbəb olacağını bildirib.
Kuba ilə bağlı birtərəfli tədbirlərin həyata keçirilməsinin beynəlxalq hüquqa zidd olduğu deyən Mogerini, AB-nin də, Kuba ilə bağlı ABŞ cəzalarını tətbiq edən hər hansı bir məhkəmə qərarını tanımayan qanunun işə salınması və digər lazımi bütün addımları atacağını ifadə edib. Mogerini qeyd edib ki, yaranan problemlə əlaqədar onlar məsələni hüquqi müstəvidə həll etmək üçün, hətta Dünya Ticarət Təşkilatındakı hüquqlarından istifadə edəcəklər.