Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson vəzifədən kənarlaşdırılıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb isə nazirin Milli Təhlükəsizlik Şurasında Çinin “Huawei” şirkəti ilə bağlı gizli toplantını mətbuata sızdırması olub.
Britaniya baş naziri Tereza Mey nazir Gevin Uilyamsona yazdığı məktubda “Böyük təəssüflə sizə artıq etibar edə bilməyəcəyim qənaətinə gəldim” ifadəsinə yer verib.
Ötən həftə Britaniya mətbuatında, hökumətin 5G şəbəkəsinin inkişaf etdirilməsi üçün “Huawei” şirkətinə məhdud çərçivədə icazə verməyə hazırlaşdığına dair iddialar yer almışdı. Bunun ardınca Britaniya hökuməti və kəşfiyyat orqanları sözügedən məlumatların qaynağını araşdırmağa başlayıb.
Böyük Britaniyada Milli Təhlükəsizlik Şurasının iclasları həftədə bir dəfə baş nazirin rəhbərliyi altında nazirlərin, silahlı qüvvələrin və kəşfiyyat orqanlarının yüksək rütbəli əməkdaşlarının iştirakı ilə keçirilir.
İndiyə qədər Britaniya hökumətindən Çin “Huawei” şirkətinin 5G şəbəkəsinin inkişafında oynaya biləcəyi rolla bağlı hər hansı rəsmi bəyanat verməyib, sadəcə bununla bağlı yekun qərarın baharın sonunda verilməsinin planlaşdırıldığı açıqlanmışdı.