Venesuelada müxalifətlə bağlılığı olan bir qrup hərbçi hökuməti devirmək üçün hərəkətə keçib. Ölkənin kommunikasiya naziri Horhe Rodriqez kiçik bir qruplaşmanın çevrilişə cəhd göstərdiyini deyərək, xalqı buna yol verməməyə və sülhü seçməyə çağırıb.
Baki-xeber.com xəbər verir ki, Venesuela rəhbərliyi hərbi çevrilişin yatırılması üçün addımlar atıldığını bəyan edib.
Prezident Nikolas Maduro xalqı konstitusiya quruluşunu qorumaq üçün küçələrə çıxmağa çağırıb.
Ölkədə hökumət tərəfdarlarına prezident sarayı Mirafloresin qarşısına, müxaliflərə isə hadisələrin yaşandığı Karlota hərbi hava bazası ətrafında toplaşmaq çağırışları edilir.
Maduroya sadiq hərbi qüvvələr çevrilişə cəhd edən hərbçilər və rnümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Müdafiə naziri Vladimir Padrino Lopres isə deyib ki, hərbi qüvvələr Maduronu dəstəkləyir. Nazir bildirib ki, ordu, müxalifət lideri Xuan Quaydonun rəhbərliyi altında başlayan hərbi çevrilişin qarşısını alacaq.
Kuba və Boliviya Maduronu dəstəklədiyini, İspaniya isə hərbi çevrilişə qarşı olduğunu bəyan edib.
Kolumbiya dövlət başçısı isə çevrilişçiləri dəstəkləyən açıqlama yayıb.
Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.