Ötən həftə balıqçılar Norveçin İnqa adası yaxınlığında üzərində kəmər olan ağ balinaya rast gəliblər. Kəmərin üzərində “Sankt-Peterbuq malıdır” sözləri yazılıb.
Baki-xeber.com xarici mediasına istinadən xəbər verir ki, norveçli mütəxəssislər bağ balinanın Rusiya donanması tərəfindən təlim keçilmiş casus olduğunu iddia ediblər.
Norveç televiziyasına açıqlama verən Joar Hesten adlı balıqçı balinanın İnqa adası yaxınlığında göründüyünü və üzərində silah, kamera taxmaq üçün kəmər olduğunu deyib. Norveçli balıqçı kəmərin möhkəm başlandığını, ancaq bir gün sonra onu çıxara bildiyini deyib. Onun sözlərinə görə, kəmərin üzərində “Sankt-Peterbuq malıdır” sözləri yazılıb.
Balıqçı ağ balinanın çox sakit və insanlara alışıq olduğunu bildirib.
Norveçli professor Audun Rikardsen, elm adamlarının balinaların tədqiqatı məqsədilə belə bir kəmər taxdığnı iddia etsə də, Norveç Dəniz Araşdırmaları İnstitutundan Martin Byu hadisənin Rusiya izi daşıdığını deyib. Byu bildirib ki, bu rus tədqiqatçıların yox, Rusiya donanmasının işidir.
Audun Rikardsen isə bununla bağlı rusiyalı tədqiqatçılarla görüşdüyünü deyib: “Balinanın onlarla bağlı olmadığını, bunu Murmanskdəki rus donanmasının işi ola biləcəyini dedilər”.
Qeyd edək ki, 1980-ci illərdə SSRİ-də əsgərlər tərəfindən təlim keçilən delfinlər casusluq məqsədilə istifadə edildiyi hər kəsə məlumdur. Yaxşı görmə qabiliyyəti və çox yaxşı yaddaşı olan bu heyvanların, su altındakı silahları aşkarlamaq üçün istifadə edildiyi proqram 1990-cı illərdə dayandırılıb. Ancaq 2017-ci ildə Rusiya Müdafiə Nazirliyinin Zvezda Televiziyası tərəfindən yayılan bir xəbərdə bildirilirdi ki, donanma Şimal qütbündə istifadə etmək üçün yenidən ağ balina və delfinlərə təlim keçməyə başlayıb.
Rusiya lideri Vladimir Putin son üç ildə Şimal qütbündə üç keçmiş sovet bazasının yenidən açılışını edib.
Xəbərdə, ağ balinaların Şimal qütbündəki bu bazaları qorumaq və lazım olduğu anda Rusiya sularına girən kənar şəxsləri öldürmək üçün təlim keçildiyi bildirilirdi.