PKK terror qruplaşmasının tərəfdarları Beynəlxalq Əfv Təşkilatının (Amnesty İnternational) Londondakı binasına hücum edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə təşkilat özü açıqlama yayıb.
Cümə günü axşam saatlarında baş verən hadisədə təqribən 40 nəfərlik qrup zor tətbiq edərək Amnesty İnternational-ın Londandakı ofisinə girməyə cəhd edib. Hadisə zamanı təhlükəsizlik qüvvələri əməkdaşları arasında xəsarət alanlar olub.
Açıqlamada, hadisə yerinə çağırılan polislərin PKK tərəfdarlarını saxladığı qeyd olunur. Təşkilat üzvləri bu hərəkətlərinə görə 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, PKK tərəfdarları bundan əvvəl “TRT World”ün Londondakı mərkəzi binasına hücum ediblər. Binanın girişində təhlükəsizlik işçilərinin müqaviməti ilə üzləşən təşkilat tərəfdaşları binanın girişini bağlayıblar. Sonradan hadisə yerinə gələn polis tərəfindən binadan çıxarılıblar.
Qeyd edək ki, PKK Böyük Britaniyanın terror təşkilatları siyahısında yer alır. Buna baxmayaraq ingilis polisinin PKK tərəfdarlarına loyal münasibət sərgiləməsi diqqətdən yayınmır. Bu münasibət, hətta terror təşkilatına məxsus simvolların qaldırılmasında belə müşahidə edilir. Halbuki, Britaniyada terrorla mübarizə qanununa görə, terror təşkilatları siyahısındakı bir təşkilata məxsus simvolları daşımaq cinayət hesab edilir.