"Rusiya prezidenti Vladimir Putin ukraynalıların çoxunun onun Rusiya parportu təklifini qəbul edəcəyini düşünməsin". Baki-xeber.com xəbər verir ki, bunu Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski bildirib və rusiyalılara Ukrayna vətəndaşlığı təklif edib.
Xatırladaq ki, Vladimir Putin Moskvanın Ukrayna vətəndaşlarına tezləşdirilmiş qaydada Rusiya pasportları verməyi nəzərdən keçirdiyini bildirib.
Zelenski Putinə cavab olaraq Facebook səhifəsində, “Ukraynanın fərqi ondadır ki, bizim ölkədə söz azadlığı var, media və internet azadlığı var" yazıb.
"Biz avtoritar və korrupsiyalaşmiş rejimlərdən əziyyət çəkən bütün insanlara Ukrayna vətəndaşlığı verəcəyik. Birinci yerdə isə bu gün ən çox əziyyət çəkən ruslara", - Zelenski əlavə edib.
Putin bəyanatını Ukraynanın şərqində separatçıların nəzarətində olan bölgələrin sakinləri üçün Rusiya pasportunun verilməsi prosedurunun asanlaşdırılması haqda sərəcamı imzalamasından bir neçə gün sonra verib.
Rusiya lideri ukraynalıların müharibədən yorulmasına baxmayaraq, Zelenskinin 2015-ci ildə Minskdə imzalanmış sülh müqaviləsinin şərtlərini yerinə yetirməyəcəyini düşündüyünü deyərək, yeni prezidentin Ukraynanın şərqindəki münaqişə ilə bağlı mövqeyini də bilmək istədiyini bildirib.
Zelenski isə danışıqlara hazır olduğunu, lakin Rusiyanın Ukrayna və ukraynalılarla "təhdid, hərbi və iqtisadi təzyiq dilində" danışmaqdan çəkinməli olduğuna dair xəbərdarlıq edib: "Biz öz tərəfimizdən Ukrayna ilə Rusiyanın birgə yanaşı yaşaması üçün yeni şərtlər haqda müzakirələrə hazırıq. Anlaşma və münasibətlərdə həqiqi normallaşma yalnlız həm Donbasın, həm də Krımın işğalına son qoyulmasından sonra ola bilər".