Rusiya prezidenti Vladimir Putin Ukraynın şərqində Rusiyayönümlü separatçıların nəzarətində olan Donetsk və Luqanski vilayətlərində yaşayanlara Rusiya vətəndaşlığı verilməsini asanlaşdıran sərəncam imzalayıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Kreml açıqlama yayıb.
Sənəddə deyilir ki, sadələşdirilmiş vətəndaşlıq hüququ beynəlxalq qaydalara uyğun olaraq insan hüquqları və azadlıqlarının müdafiəsi üçün humanitar məqsədlərlə veriləcək. Vətəndaşlıq üçün müraciət etmək istəyənlər ərizələri və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan “Donbas Xalq Respublikası” və “Luqansk Xalq Resublikası” tərəfindən həmin şəxslərin orada yaşadığını təsdiq edən sənədlərini Rusiya Daxili İşlər Nazirliyinin şöbələrinə göndərə bilərlər. Ərizələrə üç ay müddətində baxılacaq.
“Amerikanın səsi” yazır ki, Putin aprelin 17-də Donbas, Cənubi Osetiya və Abxaziya respublikalarına nəzarət edən prezident idarəsinin rəhbərini də vəzifəsindən azad edib. Prezidentin fərmanı ilə Oleq Qovorunun yerinə Aleksey Filatov təyin edilib.
Bundan öncə kütləvi informasiya vasitələrində və Kremlə yaxın kanallarda Rusiyanın Donbasın Ukraynanın nəzarətində olmayan hissələrində sakinlərə pasportların verilməsini planlaşdırdığı haqda məlumatlar yayılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu planlar haqda məlumatı olmadığını bildirib.
Hakimiyyətdən getməkdə olan Ukrayna prezidenti Petro Poroşenko və yeni seçilmiş prezident Vladimir Zelenski Moskvanın Donbas sakinlərinə Rusiya pasportlarının verilməsi prosedurunu yüngülləşdirilməsindən sonra Rusiyanın Ukraynanın şərqində təcavüzünü pisləyən bəyanatla çıxış ediblər.
Poroşenko bəyan edib ki, Kremlin hərəkətləri beynəlxalq qanunun pozulmasıdır. Zelenski Rusiyanı Ukraynaya qarşı müharibə aparmaqda ittiham edib.
Hər iki lider Putinin fərmanını təcavüz aktı adlandıraraq dünya birliyini Rusiyaya sanksiyaları gücləndirməyə çağırıblar. Ukrayna hesab edir ki, Rusiyanın pasport addımı BMT nizamnaməsinə və Donbas probleminin dinc həlli ilə bağlı razılaşmalara ziddir.
ABŞ Dövlət Departamenti isə, pasport fərmanını Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hücumları artıran böyük təxribat kimi qiymətləndirib.
Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini işğal edərək özünə birləşdirib, həmçinin Donetsk və Luqansk vilayətlərinin (Donbas bölgəsi) bir hissəsini işğal altında saxlayan separatçı rejimləri dəstəkləyir. Bu üç bölgədən 1,5 milyondan çox ukraynalı köçkün düşüb. Donbas bölgəsində 2014-cü ildən davam edən silahlı münaqişədə 10 mindən çox adam həlak olub.