İranın xarici işlər naziri Cavad Zərif, İranda həbsdə olan Amerika vətəndaşlarının ABŞ-da həbsdə olan İran vətəndaşları ilə dəyişdirilməsini təklif edib.
Baki-xeber.com xəbər verir ki, Zərif bunu Nyu Yorkdakı “Asia Society” düşüncə mərkəzində çıxışı zamanı deyib.
Həbsdə olanların dəyişdirilməsi təklifini masaya yatırdığını deyən Zərif, buna hazır və səlahiyyətinin olduğunu bildirib.
İranın xarici işlər naziri ölkəsinin neft satışında Hörmüz boğazından istifadə etməkdə davam edəcəyini deyib və ABŞ-ı da təhdid edib.
Zərif ABŞ-ın Hörmüz boğazını bağlayacağı halda bunun nəticələrinin ağır olacağı ilə bağlı xəbərdarlıq edib: ''İran neft satmağa və yeni alıcılar axtarmağa davam edəcək. Neftimizi satmaq üçün Hörmüz boğazından təhlükəsiz bir keçid kimi istifadə etməyə davam edəcəyik, amma ABŞ bizə mane olmağa cəhd edərsə, bunu nəticələrinə də hazır olmalıdır”.
Zərif, ABŞ prezidenti Donald Trampa, onun “B komandası” adlandırdığı Ağ Ev milli təhlükəsizlik müşaviri Con Bolton, İsrail baş naziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman və Əbu Dabi şahzadəsi Məhəmməd bin Zayid məsələsində də xəbərdarlıq edib: “B komandası” ABŞ siyasətini fəlakətə sürükləyir... “B komandası”nın Trampla eyni planı icra etdiyini düşünmürəm. Onlarınkı planı deyil, trilyonlara başa gələcək bir tələdir”.
Zərif, Trampın İranla qarşıdurmaya getmək istədiyinə inanmadığını, ancaq təzyiqlərlə İranı müzakirə masasına gətirəcəyini və beləliklə istədiyi anlaşmanı həyata keçirə biləcəyini düşündüyünü deyib.
Əsirlərin dəyişdirilməsi məsələsinə gəlincə, Zərif bununla bağlı 6 ay avvəl təklif verdiklərini, ancaq ABŞ-dan cavab almadıqlarını deyib.