İsrail Colan yüksəklərində İsrailin suverenliyini tanımasına minnətdarlıq əlaməti olaraq, yeni bir qəsəbəyə ABŞ prezidenti Donald Trampın adını verə bilər.
Baki-xeber.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu yüksəklikdə yeni bir qəsəbəyə Trampın adının verilməsini istədiyini bildirib. “Colan yüksəkliyində bir qəsəbəyə Donald Trampın adını verərək təşəkkür etməliyik” – deyən Netanyahu qeyd edib ki, bununla bağlı qətnamə yaxın vaxtlarda hökumətə təqdim ediləcək.
Baş nazirin sözçüsü Ofir Gendelman isə Colan yüksəkliyindəki qəsəbələrin adlarını dəyişdirilməyəcəyini, Trampın adını daşıyacaq yeni bir qəsəbənin salınacağını bildirib.
İsrail 1967-ci il müharibəsində Golan yüksəklərini Suriyadan ələ keçirib. Bu ilhaq beynəlxalq səviyyədə tanınmayıb. Tramp İsrailin Qolan üzərində suverenliyini tanıyan fərmanı ötən ay imzalayıb. Digər dünya qüdrətləri ABŞ-ın bu addımını dəstəkləməyib.
Trampın Golan yüksəklikləri ilə bağlı addımı, 2017-ci ilin dekabr ayında ABŞ-ın fələstinlilərin də iddia etdiyi mübahisəli şəhərlə bağlı on illərdir yürütdüyü siyasətini pozaraq, Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra atılıb.
İsrail bundan başqa bildirib ki, ABŞ prezidentinə təşəkkür əlaməti olaraq, Qüdsün Qərb Divarı yaxınlığında təklif olunan qatar stansiyasına onun adını vermək niyyətindədir.