20/05/2019 15:15
728 x 90

Ermənistanın keçmiş deputatı Rusiyada həbs edildi

img

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Miqran Poqosyan Kareliya Respublikasında aşkarlanaraq Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Poqosyan həm də Məhkəmə aktlarının məcburi icrası xidmətinin (MAMİX) keçmiş rəhbəri olub.

Xüsusi İstintaq Xidmətinin (XİX) mətbuat katibi Marina Oqancanyan Azatutyun radiosuna deyib ki, hazırda keçmiş rəsminin Ermənistana ekstradisiyası məsələsinə baxılır. Bundan öncə Miqran Poqosyanın ofisi bəyan etmişdi ki, özünün Moskvadakı ünvanı barədə Ermənistanın hüquq-mühafizə orqanlarını məlumatlanıdırb.

Keçmiş deputat xüsusi böyük həcmdə dövlət vəsaitinin mənimsənilməsində, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur.

XİX-in məlumatına görə, Miqran Poqosyan 2011-ci ildə Panamada ofşor zonada iki şirkət yaradıb, həmin şirkətlər daha sonra Ermənistanda “Best reality” adlı kompaniya qurub. Sonuncu isə 2014-2016-cı illərdə Miqran Poqosyanın rəhbəri olduğu idarəyə daşınar və daşınmaz əmlakın dəyərləndirilməsi üzrə xidmət göstərib, 43 milyon dram əldə edib.

Bundan başqa bildirilir ki, Poqosyan 2008-ci il iyunun 11-dən MAMİX rəisi keçəndən özünün şəxsi mühafizəçisi və sürücüsünü bu qurumda vəzifələrə təyin edib. Onlar faktiki olaraq, onun şəxsi tapşırıqlarını yerinə yetirib, ancaq dövlət büdcəsindən maaş alıblar.

Miqran Poqosyanın özünün idarə etdiyi təşkilatlarla MAMİX arasında xidmət müqavilələri imzaladığı qeyd olunur.

2016-cı ilin mayında “Hetk” nəşri Miqran Poqosyanın ofşor fəaliyyəti haqda geniş araşdırma dərc edir. Cinayət işi açılsa da, 2017-ci ilin yanvarında cinayət tərkibinin olmaması əsas gətirilərək dayandırılır.

O zaman Poqosyan özünə qarşı ittihamları anlaşılmazlıq, araşdırma müəllifi Edik Bagdasarian isə işin bağlanmasını siyasi qərar adlandırmışdı.

Bu ilin yanvarında XİX ofşorlarla bağlı cinayət işi üzrə təhqiqatı bərpa elədi. Miqran Poqosyan dindirilməyə çağırıldı, ancaq xaricdə olduğunu deyərək getmədi.

XİX aprelin 10-da bildirib ki, Miqran Poqosyan dindirilməyə hazır olduğunu deyib. Aprelin 15-də XİX keçmiş deputatın işdə təqsirləndirilən olduğunu elan etdi.

Yerevan məhkəməsi XİX-in Miqran Poqosyanın həbsilə bağlı vəsatətini təmin etmişdi. Onun Ermənistandakı evində axtarış aparılmışdı.

Son xəbərlər