Fransa prezidentliyinə namizəd Emmanuil Makronun ofisindən seçki prosesinə müdaxilə ilə bağlı Rusiyanın ünvanına ittihamlar səslənib.
Baki-xeber.com-un xəbərinə görə, komandadan bildirilib ki, Rusiyadan “bəzi qüvvələr seçkilərin gedişinə təsir etməyə cəhd göstərib”. “Reuters” xəbər verir ki, bu barədə Makronun partiyasının baş katibi Rişar Ferran “France 2” telekanalının efirində danışıb. O deyib ki, Makron Avropanın maraqlarını qoruduğu üçün Rusiyanın hədəfinə çevrilib. Ferranın sözlərinə görə, Moskvanın nəzarətində olan “Russia Today” və “Sputnik” “qondarma xəbərlər” yayaraq, ictimai fikri Makrona qarşı kökləməyə cəhd edir. Baş katib onu da diqqətə çatdırıb ki, Moskva “Milli cəbhə” lideri Marin Le Pen və Fransanın eks baş naziri Fransua Fiyonun siyasətinə daha sıcaq baxır. Buna görə o, ölkə hökumətini ayıq-sayıq olmağa və seçki prosesini “xarici təsirlərdən” qorumağa çağırıb.
Qeyd edək ki, Fransanın BFMTV radiostansiyası daha öncə guya Rusiya KİV-nin Makronun nüfuzdan salınması yönündə təbliğat apardığı barədə xəbər yayıb.