"Suriya mənim ailəmə məxsus deyil. İstənilən suriyalı ölkəyə rəhbərlik edə bilər". Trend-in SANA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.
Jurnalistlərin sualına cavab verən B.Əsəd bildirib ki, hər bir suriyalının prezident vəzifəsində çalışmaq hüququ var.
Əsəd Belçika mətbuatına müsahibəsində deyib ki, Avropa İttifaqı (Aİ) və NATO terrorçuları dəstəkləməklə Suriyanın bərpasında iştirak edə bilməz.
B.Əsəd qeyd edib ki, belə rol oynamaq, eyni zamanda Suriyanı dağıtmaq olmaz: "Aİ və NATO lap əvvəldən müxtəlif bəhanələrlə Suriyadakı terrorçuları - "Cəbhət ən-Nüsra" və İŞİD terror qruplaşmalarını dəstəkləyir. Onlar eyni vaxtda dağıda və bərpa edə bilməzlər. Hər şeydən əvvəl onlar Suriyanın suverenliyi ilə bağlı dəqiq mövqe ortaya qoymalı və terrorçulara dəstəyi dayandırmalıdırlar".
Qeyd edək ki, B.Əsəd 2000-ci ildən Suriyaya rəhbərlik edir.
Suriya hökuməti 5 il ərzində 13 min nəfərin edam edilməsi haqqında qərar verib. APA-nın xəbərinə görə, bu barədə məlumatı CNN “Amnesty İnternational”ın hesabatına istinadən yayıb.
Bildirilir ki, məxfi Saydnaya həbsxanasında həftədə iki dəfə 50-dək insan asılaraq edam edilib. Beynəlxalq təşkilatın hesabatı təhlükəsizlik qüvvələrinin əməkdaşları, məhbuslar, hakimlər və vəkillər də daxil olmaqla, ümumilikdə 84 nəfərin ifadəsi əsasında bir il ərzində aparılan araşdırmanın nəticəsidir. Edam olunanların əksəriyyətinin müxalif yönümlü olduğu bildirilir.
Rəsmi Dəməşq yayılan hesabatla bağlı mövqeyini açıqlamayıb.