Birləşmiş Krallıq parlamentinin icmalar palatasının spikeri Con Berkov ABŞ prezidenti Donald Trampın Britaniyaya rəsmi səfəri ərəfəsində onun parlamentdə çıxışına qarşı olduğunu deyib.
Berkov millət vəkillərinə "seksizm və irqçiliyin çox mühüm" məsələlər olduqlarını deyib. Çıxışından sonra Berkov Şotlandiya Milli Partiyasının millət vəkilləri tərəfindən alqışlanıb.
Tramp keçən ay Britaniyanın baş naziri Tereza Meylə Vaşinqtonda görüşündən sonra Britaniyaya rəsmi səfərə gəlməyə dəvət edilib. Dəvəti geri almaq tələb edən və 1,8 milyon nəfərin imzaladığı petisiya parlament tərəfindən fevralın 20-si müzakirə ediləcək.
Millət vəkillərinin sualına cavabında verdiyi çıxışda, Berkov parlamentin icmalar və lordlar palatalarında çıxış etməyin "avtomatik haqq yox... qazanılmış şərəf" olduğunu deyib.
O, Trampın mübahisəli viza qadağası fərmanından öncə də onun çıxışına qarşı olduğunu, lakin bu fərmandan sonra onun çıxışına "daha çox qarşı" olduğunu bildirib.