Cənubi Koreya parlamenti adı korrupsiya qalmaqalında hallanan ölkə prezident Pak Kın Heynin (Pak Kın He) hakimiyyətdən uzaqlaşdırılmasına səs verib. 234 deputat impicmentin lehinə səs verib ki, bunun üçün 200 səs lazım idi. 56 deputat impicmentin əleyhinə səs verib, 2 nəfərsə bitərəf qalıb.
Baki-xeber.com xəbər verir ki, indi ölkənin konstitusiya məhkəməsi yarım il ərzində prezidentin hakimiyyətdən uzaqlaşdırılması məsələsinə baxacaq. Bu qərar elan olunanadək prezidentin səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirəcək.
Prezidentin nüfuzu oktyabrın sonlarından xalq arasında düşməyə başlayıb. Buna səbəb, prezidentin yaxın rəfiqəsi Tsoy Sun Silin dövlət siyasətinə təsir etməsi barədə yerli KİV-lərdə yayılan məlumat olub. Məlumatlara görə, ölkənin müxtəlif korporasiyaları Tsoy Sun Silin nəzarətində olan fonda milyonlarla dollar köçürüblər. O, hazırda sui-istifadə ittihamı ilə həbsdədir. Həmçinin prezidentin bir neçə keçmiş köməkçisi səlahiyyətlərini aşma ittihamı ilə həbs olunublar.
Pak Kın He buna görə üzr istəsə də hakimiyyətdən getmək istəmir. Ancaq son qərardan sonra hakimiyyətdən getməyə razı olduğunu bəyan edib.
Noyabrdan ölkədə prezidentin istefası tələbilə kütləvi nümayişlər keçirilir. Müzakirələr zamanı da parlamentin binası qarşısına yüzlərlə etirazçı toplaşıb və prezidentin istefaya göndərilməsini tələb edib.